Bakı. Şamil Əlibəyli – APA. Misirin keçmiş prezidenti Hüsnü Mübarək bu həftə həbsxanadan azad oluna bilər. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə H. Mübarəkin vəkili Fərid Əl Dib bildirib. O deyib ki, H. Mübarəkin üzərindən korrupsiya ilə bağlı ittihamlar götürülüb və buna görə də onun dəmir barmaqlıqlar arxasında qalmasına ehtiyacı yoxdur: “48 saat çəkəcək inzibati prosedurlar yerinə yetirildikdən sonra həftənin axırına kimi o, sərbəst buraxılmalıdır”.
Lakin məhkəmə nümayəndəsi bildirib ki, keçmiş prezident daha iki həftə həbsdə qalacaq. Onun sözlərinə görə, H. Mübarəkin işinə yenidən baxılacağı gözlənilir, amma buna görə onu həbsdə saxlamağa ehtiyac yoxdur.
Qeyd edək ki, H. Mübarək 2011-ci ildə ölkədə baş verən inqilab nəticəsində devrilib. Bundan sonra ona qarşı müxtəlif ittihamlar sürülüb və o, Qahirənin cənubunda yerləşən Tora həbsxanasına yerləşdirilib.