Bakı-APA. Malinin şimalında keçirilən hərbi əməliyyat zamanı Fransa Xarici legionun ikinci desant alayının əsgəri həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstana səfəri zamanı Fransa prezidenti Fransua Olland bildirib.
“İkinci desant alayının əsgəri Malinin şimalında islamçılarla döyüş zamanı həlak olub”, deyə Olland bildirib.
Fransa prezidenti əlavə edib ki, Malinin şimalında yerləşən dağ massivində həyata keçirilən xüsusi əməliyyat zamanı şiddətli döyüşlər baş verib. Əməliyyat davam edir, terrorçular arasında xeyli ölən var, deyə prezident qeyd edib.
Qeyd edək ki, bu Malidə indiyədək davam edən hərbi əməliyyatlar zamanı ölən ikinci fransalı hərbçidir. Yanvarın ortalarında Malidə leytenant Damyen Buatye həlak olmuşdu.