Bakı-APA. Mərkəzi Afrika Respublikasında üsyançılar müqavimətə rast gəlmədən daha bir yaşayış məntəqəsini - Əlindar şəhərini nəzarətə götürüblər. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, hal-hazırda “Seleka” alyansını təmsil edən silahlılar ölkənin 11 iri yaşayış məntəqəsinə nəzarət edirlər.
Xatırladaq ki, bir qədər əvvəl BMT Təhlükəsizlik Şurası üsyançıları ölkə paytaxtına hücumu dayandırmağa və zəbt edilmiş şəhərlərdən çıxmağa çağırıb. BMT Təhlükəsizlik Şurası silahlıları problemi sülh yolla həll etməyə və 2013-cü ilin yanvarın 8-nə qonşu Qabonda planlaşdırılmış danışıqlarda qeyd-şərtsiz iştirak etməyə çağırıb.
Qeyd edək ki, bir müddət əvvəl üsyançılar ölkədə prezident Fransua Bozize daxil olmamaq şərti ilə koalision hökumət yaradılması təklifinə nəzərdən keçirməyə hazır olduqlarını bəyan etmişdilər.