Bakı-APA. Mərkəzi Afrika Respublikasında üsyançıların lideri Mişel Cotodiya ölkə paytaxtı Banqi şəhərini ələ keçirdikdən sonra konstitusiyanın ləğv edildiyini, hökumət və parlamentin buraxıldığını bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat verir.
“Mən zəruri sayıram 27 noyabr 2004-cü il tarixli konstitusiyanın ləğv olunmasını, hökumət və parlamentin buraxılmasını zəruri sayıram. Bizi azad, ədalətli və şəffaf seçkilərə gətirəcək bu keçid dövründə mən ölkəni fərmanlar vasitəsilə idarə edəcəm”, deyə Cotodiya bəyan edib.
Xatırladaq ki, martın 24-də “Seleka” üsyançı koalisiyasının dəstələri Mərkəzi Afrika Respublikasının paytaxtını ələ keçirib. Üsyançıların lideri Mişel Cotodiya özünü ölkənin prezidenti bəyan edib. Devrilmiş dövlət başçısı Fransua Bozize Kameruna qaçmağa məcbur olub.