Bakı-APA. Misir polisi “Müsəlman qardaşlar” hərəkatının ən fəal liderlərindən biri Məhəmməd əl-Bəltaqini həbs edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əl-Bəltaqinin və onunla birgə olan keçmiş nazir Xalid əl-Azharinin həbsi Qahirədə baş tutub.
Bundan əvvəl KİV-lər iki dəfə əl-Bəltaqinin həbsi barədə xəbər vermişdi, lakin o özü hər dəfə “Əl Cəzirə” telekanalında yayımlanan videomüraciətlərində bunu təkzib edib.
Məhəmməd əl-Bəltaqi Gizə əyalətində “Azadlıq və Ədalət” partiyasının (“Müsəlman qardaşlar” hərəkatının siyasi qolu) baş katibi olub. Siyasətçi ölkədə islamçı təşkilatın opponentlərinə qarşı kəskin ifadələri ilə tanınır.