Bakı-APA. Misir prezidenti Məhəmməd Mursi Ali Milli Barışıq komissiyasının yaradılacağını bəyan edib və bütün siyasi qüvvələri bu komissiyanın işində iştirak etməyə çağırıb.
APA-nın məlumatına görə, Mursi televiziya efirində ölkə vətəndaşlarına müraciət edib. O çıxışında bir illik prezidentliyi dövründə bəzi hallarda səhv etdiyini etiraf edib.
«Ölkə konstitusiyasına dəyişiklikləri müzakirə etmək üçün Ali Milli Barışıq komissiyası formalaşdırılacaq. Bütün siyasi qüvvələri bu işdə iştiraka çağırıram», deyə Mursi bəyan edib.
Misirin Əl-Mənsur şəhərində prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasındakı şiddətli toqquşmalarda 1 nəfər həlak olub, 237 nəfər isə yaralanıb.
Qarşıdurma artıq 4 gündür ki, davam edir. İslamçı «Müsəlman qardaşlar» və «Əl-Camaa əl-İslamiyyə» təşkilatlarının nümayəndələri prezidenti qorumaq üçün gücdən istifadə etməyə və qan tökməyə sözə veriblər.
Misir ordusu isə ölkə ərazisindəki strateji obyektləri öz nəzarətinə götürüb.