Bakı-APA. Ötən gecə Misirdə islamçıların tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalar nəticəsində 3 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, toqquşmalar paytaxt Qahirədən 120 km şimalda yerləşən Əl-Mənsurə şəhərində baş verib.
Toqquşmalarda hər iki tərəf soyuq və odlu silahlardan istifadə edib. “Əl-Əhrəm” xəbər portalının məlumatına görə, ölənlər arasında bir qadın və 13 yaşlı qız da var. İğtişaşlar zamanı onlarla misirli yaralanıb. Hadisə yerinə gələn ordu birləşmələri və polis əməkdaşları toqquşmaların qarşısını almağa çalışır.
Bundan başqa, bir müddət əvvəl devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları milli qvardiyanın qərargahına hücum törətməyə cəhd ediblər. Hərbçilər gözyaşardıcı qazdan istifadə etməklə etirazçıları dağıtmağa müvəffəq olub.