Bakı. Şamil Əlibəyli – APA. Misir prezidenti Məhəmməd Mursi ölkənin Port Səid, Süveyş və İsmailliyə bölgələrində fövqəladə vəziyyət elan edib. APA-nın məlumatına görə, bu rejim 30 gün davam edəcək.
Paytaxt Qahirənin Təhrir meydanında isə etiraz aksiyaları səngimir. Aksiyalara səbəb keçən il Port Səiddə futbol maçından sonra baş verən iğtişaş zamanı saxlanılan fanatların edam edilməsi barədə məhkəmə qərarının verilməsidir.
Aksiya iştirakçıları Məhəmməd Mursinin istefasını tələb edirlər. Təhrir meydanına yığışanlar “Biz Mübarəki devirdik, Mursini də devirəcəyik” şüarları səsləndirirlər.
Qeyd edək ki, yanvarın 27-də Port Səiddə keçirilən dəfn mərasimləri sonrada iğtişaşlara çevrilib. Nəticədə 7 nəfər ölüb, 600-dən çox insan yaralanıb. Şənbə günü isə toqquşmalar zamanı 37 nəfər ölüb.