Bakı – APA. Misirin sabiq prezidenti Mühəmməd Mursi və «Müsəlman Qardaşları» hərəkatının liderləri ölkə vətəndaşlarına qarşı təxribatların təşkili və Fələstinin HƏMAS təşkilatının silahlandırılmasında ittiham oluna bilər.
APA-nın məlumatına görə, tanınmış misirli liberal siyasətçi və ictimai xadim Məmduh Həmzə Baş Prokurorluğa müraciət edib və eks-prezidentlə «Müsəlman Qardaşları»nın liderlərini dövlətə xəyanətdə ittiham edib.
M.Həmzənin sözlərinə görə, sabiq dövlət başçısı «Müsəlman Qardaşları» ilə birlikdə HƏMAS-ın üzvlərinə Misirdə vətəndaşlığın verilməsinə yardım edib, Fələstinə silah göndərib, Misirdə yerli sakinlərin və KİV-in sıxışdırılması üçün yeni qanunlar qəbul ediblər.
Qeyd edək ki, hərbçilər tərəfindən həyata keçirilən dövlət çevrilişi nəticəsində vəzifəsindən uzaqlaşdırılan M.Mursi hazırda Misir hərbi qüvvələrinin obyektlərindən birində məhkəməyə qədər saxlanılır. Bununla yanaşı, «Müsəlman Qardaşları»nın bir neçə lideri saxlanılıb, lakin hərəkatın dini rəhbəri Mühəmməd Badia hələ də azadlıqdadır.