APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bunu ölkə başçısı Uxuru Kenyatta yerli televiziyanın efirində elan edib.
Prezidentin sözlərinə görə, əməliyyat zamanı 5 terrorçu öldürülüb, daha 11 silahlı isə saxlanılıb.
Rəsmi məlumatlara görə, terror aktı nəticəsində 6 nəfəri polis olmaqla azı 67 nəfər ölüb, 240 nəfər isə yaralanıb.
Ölənlərin sayının artacağı istisna olunmur. Keniya prezidentinin sözlərinə görə, binanın 3 mərtəbəsi uçub, bu səbəbdən cəsədlərin bir neçəsi uçqun altında qala bilər. Onların arasında terrorçuların da olduğu ehtimal olunur.
Bundan əvvəl verilən xəbərə əsasən, ölənlər arasında Böyük Britaniya, Kanada, Fransa, Niderland və Cənubi Koreya da daxil olmaqla 10-dan çox dövlətin vətəndaşları var.
Qeyd edək ki, Somalinin “Əş-Şəbab” islamçı qruplaşması Nayrobidəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşmanın nümayəndələri bildiriblər ki, hücum Keniya hərbçilərinin Somalidə sülhməramlı əməliyyatlarda iştirakına cavab olub.