Bakı-APA. Nigeriyanın şimalında təhlükəsizlik qüvvələri ilə silahlı islamçılar arasında baş vermiş toqquşmada ən azı 35 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ordu komandanlığı açıqlama verib.
“Malam Fatori şəhərində baş vermiş toqquşmalarda 2 hərbçi və 15 terrorçu ölüb”, deyə açıqlamada bildirilir. Məlumata həmçinin bildirilir ki, Bama şəhərində polis bazasına törədilmiş hücum nəticəsində bir zabit və “Boko Haram” qruplaşmasının 17 üzvü öldürülüb.
İyulun sonunda Nigeriyanın şimalındakı Kano şəhərində “Boko Haram” tərəfindən törədilmiş partlayışlar nəticəsində 24 nəfər ölüb. Partlayışlar xristianların kompakt yaşadığı məhəllənin barlarında və digər əyləncə mərkəzlərində baş verib. Bu hadisələrdən sonra polis 40-dək islamçını həbs edib.