Bakı-APA. Polis Qahirədə hökumət əleyhinə aksiyaların dağıdılması zamanı ölən insanların meyitlərinin olduğu “Əl-İman” məscidini nəzarətə alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Müsəlman qardaşlar”ın Rabiə əl Ədəviyyə meydanındakı çadır düşərgəsi dağıdıldıqdan sonra onlar məhz adıçəkilən məsciddə gizləniblər.
“Polis məscidi mühasirəyə alaraq içəri gözyaşardıcı qaz buraxıb. Biz oranı tərk etdik, onlar da məscidə daxil oldular”, deyə olayların şahidi bildirib. Onun sözlərinə görə, məsciddə iğtişaşlarda ölən 200-dək insanın meyiti saxlanılır.
Qeyd edək ki, Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və hüquq-mühafizə qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 638-ə çatıb.
İslamçılar polisin odlu silah istifadə etdiyini və 3000 nəfərdən çox insanın öldüyünü iddia edirlər. Misir hakimiyyəti ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.