Bakı-APA. Naməlum şəxslər Qahirənin Təhrir meydanında müxalifətin Misir prezidenti Məhəmməd Mürsinin siyasətinə etiraz əlaməti olaraq qurulmuş çadır şəhərciyinə hücum ediblər. APA-nın yerli KİV-lərə istinadən verdiyi məlumata görə, 30-dək insan etirazçılara bir neçə istiqamətdən hücum edərək, onlara ov tüfənglərindən atəş açıb və yandırıcı maye doldurulmuş şüşə qabları atıblar. Müdafiə olunanlar hücum edənlərə “Molotov kokteyli” və daşlarla cavab veriblər.
Ciddi müqavimətlə rastlaşan hücum edən şəxslər hadisə yerindən qaçıblar. Bəzi məlumatlara əsasən onlar islamçı olublar. “Əl-Əhrəm” qəzetinin məlumatına görə, toqquşmada 16 nəfər etirazçı xəsarət alıb, onlardan beşi yaxınlıqdakı xəstəxanalara çatdırılıb, bir nəfər isə baş nahiyəsindən ağır xəsarət alıb.
Hadisədən sonra əraziyə nəzarət gücləndirilib, meydana çıxan bütün küçələrdə postlar qurulub. Ölkə başçısının əleyhdarları baş vermiş hadisəyə görə bütün məsuliyyəti “Müsəlman qardaşlar”ın üzərinə qoyub.