Bank Of Baku

Sudan hökuməti Darfur üsyançıları ilə yekun sülh sazişi imzalayıb

Sudan hökuməti Darfur üsyançıları ilə yekun sülh sazişi imzalayıb
# 07 aprel 2013 04:20 (UTC +04:00)

Bakı-APA. Sudan hökuməti və Darfurun ən nüfuzlu üsyançı qruplaşması olan “Bərabərlik və ədalət uğrunda hərəkat” arasında bir neçə il davam edən danışıqlar yekun sülh sazişinin imzalanması ilə nəticələnib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Şuruk” Sudan telekanalı məlumat yayıb.  

 

Ötən gün axşam saatlarında Qətərin paytaxtı Dohada baş tutmuş imzalanma mərasimində Sudanın birinci vitse-prezidenti Əli Osman Taha və Qətərin baş naziri Həmid ben Casem iştirak edib.   

 

“Razılaşma altı dosyedən ibarətdir: təhlükəsizlik məsələləri, azadlıqların verilməsi, insan hüquqlarına riayət edilməsi, hakimiyyətin, milli sərvətlərin bölünməsi və qaçqınlara yardım məsələləri”, deyə telekanala müsahibəsində danışıqlarda iştirak etmiş Bərabərlik və Ədalət uğrunda hərəkatın nümayəndəsi İbrahim Musa bildirib.  

 

Qeyd edək ki, Sudan hökuməti Qətərin vasitəçiliyi ilə Darfurun əsas üsyançı hərəkatları ilə bir neçə il ərzində 2003-cü ildən davam edən silahlı mübarizənin dayandırılmasına dair danışıqlar aparıb. 2011-ci ildə “Azadlıq və ədalət uğrunda hərəkat” seçkilərdə iştirakı müqabilində  mübarizəni dayandırıb. Hərəkatın lideri Tijani Sissi Darfurda regional administrasiyanın rəhbəri vəzifəsinə seçilib.

 

Bundan sonra Sudan hökuməti və Qətər vasitəçiləri başqa üsyançı qruplaşmaları sülh sazişinə qoşulmağa çağırıb və iki il davam edən danışıqlar nəticəsində Darfurun daha bir nüfuzlu üsyançı qruplaşması olan “Bərabərlik və Ədalət uğrunda hərəkat” da razılaşmanı imzalamağa razılaşıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR