Bakı-APA. Sudan hərbçiləri Cənubi Kordofan ştatındakı döyüşlərin gedişində gün ərzində 50-dən çox silahlını məhv ediblər. Bu barədə APA Frans Press-ə istinadən məlumat yayır.
Məlumata görə, silahlılar da bir neçə hərbçini öldürüblər.
Sudan ordusu və «Sudan Milli Azadlıq Hərəkatı»nın silahlıları arasında Cənubi Kordofanda döyüşlər 2011-ci ilin yazından başlayıb. O dövrdə silahlılar Cənubi Sudan separatçılarının tərəfində döyüşüblər. Lakin Cənubi Sudan müstəqillik əldə etdikdən sonra da onlar silahı yerə qoymayıblar.
2012-ci ilin sentyabrınadək Cənubi Sudan rəhbərliyi «Sudan Milli Azadlıq Hərəkatı»na dəstək verib. Lakin həmin dövrdə iki Sudan arasında bağlanmış müqaviləyə əsasən tərəflər digərin ərazisində fəaliyyət göstərən silahlılara yardım göstərməməyi boyunlarına götürüblər.