Bakı-APA. Tunisin paytaxtı Tunis şəhərində etirazçılar polis məntəqəsinə hücum edib. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, binaya yüzlərlə insan hücum edib. Polis əməkdaşları müqaviməti dayandırdıqdan sonra məntəqənin otaqları darmadağın edilib. İğtişaş nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Hakimiyyət nümayəndələrinə hücumların səbəbi fevralın 6-da müxalifət lideri Şokri Belaidin qətli göstərilir. Bu hadisə ölkənin iri şəhərlərində islamçı hökumətə qarşı kütləvi iğtişaşlara səbəb olub. İzdihamın dağıdılmasında polis gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, etirazçılar Şokri Belaidin qətlində hakimiyyət dairələrini ittiham edir. Hakim islamçı Dirçəliş Partiyası bu ittihamları inkar edir.