APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, XİN-də Türkiyə səfiri Hüseyn Auniyə bəyan olunub ki, Misir hakimiyyəti “son günlər Türkiyədə BMT-nin Təhlükəsizlik Şurası və digər bölgə oyunçularına Misirin sırf daxili işlərinə müdaxilə edilməsi ilə bağlı səslənən çağırışlardan dərin təəssüf hissi keçirir”.
“Bu nəinki Misirin siyasi arenasında baş verənlərin yanlış və səhv anlanmasını göstərir, hətta ölkənin daxili işlərinə müdaxilə deməkdir. Misir Ərəb Respublikası 2013-cü ilin iyunun 30-da meydanlarda baş verdiyi kimi toplaşma və dinc ifadə azadlıqlarına dair beynəlxalq prinsiplərə tam sadiq olduğunu bir daha təsdiq edir”, deyə XİN-də qeyd olunub.
Misir XİN-də vurğulanıb ki, Türkiyədə “həmçinin digər dövlətləri Misirin əleyhinə kökləməyə çalışırlar”. “Qahirə müxtəlif dost ölkələrlə yaxın münasibətlərin qorunmasında maraqlıdır və Türkiyənin iki xalqın maraqlarına və iki dövlətin tarixi münasibətlərinə xidmət etməyən mövqeyini dəyişməsinə ümid edir”, deyə nazirlikdə qeyd edilib.
Qeyd edək ki, Ankara Misir prezidenti Məhəmməd Mursinin hərbçilər tərəfindən devrilməsini kəskin tənqid edib. Türkiyə rəhbərliyi bəyan edib ki, demokratik yolla seçilmiş dövlət rəhbərinin hakimiyyətdən kənarlaşdırılması qanuna ziddir və ölkəyə, istər onun iqtisadiyyatına, istərsə də demokratik proseslərinə, ciddi zərər gətirəcək.