Əlcəzair xarici işlər naziri Ahmed Ataf fransalı həmkarı Katerine Kolonnanın Əlcəzairin dövlət himninə bu yaxınlarda edilmiş dəyişikliklə bağlı tənqidlərinə cavab verib.
APA “Newarab” nəşrinə istinadən xəbər verir ki, Ahmed Ataf Romaya səfəri zamanı İtaliya xəbər agentliyi “Nova”ya açıqlamasında Fransa xarici işlər nazirinin Əlcəzair himni ilə bağlı fikir bildirə bilmək düşüncəsində olmasının onu heyrətləndirdiyini deyib.
“Elə təəssürat yaranır ki, müəyyən fransız partiyaları və ya siyasətçiləri üçün Əlcəzairdən siyasi məqsədlərlə istifadə edilməsi asan bir mövzuya çevrilib”, - Ataf bildirib.
Ötən həftə Fransanın xarici işlər naziri Katerine Kolonna Fransa telekanalı “LCI”yə müsahibəsində Əlcəzairin öz himninə 20-ci əsrin ortalarında Fransaya qarşı apardığı müstəqillik mübarizəsinə dair geri qaytardığı cümlələrin “köhnəlmiş” olduğunu qeyd edib.
Himnin bərpa edilmiş versiyası Əlcəzairin 1962-ci ildə amansız və uzun müharibə nəticəsində Fransadan müstəqilliyini bərpa etməsindən sonra qəbul edilmiş versiyadır və burada Fransaya “hesablaşma günü” sözü verilir.
Sözügedən sətirlərdə belə qeyd olunur: “Ey Fransa, tənə vaxtı bitdi və biz buna bir kitabın bitdiyi kimi son verdik. Ey Fransa, bu gün hesab günüdür, ona görə də bizim cavabımızı gözləməyə hazır ol”.
Əlcəzair himninin bu sətirləri Fransa ilə gərginlikdən qaçmaq məqsədilə, 1986-cı ildə ölkənin neft böhranı zamanı yaşadığı iqtisadi çətinliklərə görə çıxarılıb. İki ölkə arasında gərgin münasibətlərin təməli Fransanın 1830-cu ildə Əlcəzairi müstəmləkəyə çevirməsi, Əlcəzair xalqının itaət etdirilməsi məqsədilə apardığı zorakı və uzun hərbi kampaniyalarla, soyqırımları ilə qoyulub.
Xatırladaq ki, Əlcəzair Prezidenti Abdülməcid Tabbun iyunun 13-də dövlət himninin Fransa ilə bağlı sözlərinin bərpa edilməsi ilə bağlı fərman imzalayıb. İki ölkə arasındakı münasibətlər 2021-ci ilin payızında Fransa Prezidenti Emmanuel Makronun sözlərindən sonra böhrana daxil olub. Əlcəzair uzun müddətdir Fransanın müstəmləkə idarəçiliyi dövründə törətdiyi amansızlıqlara görə üzr istəməsini tələb edir.