"İRƏLİ" YEU-nun tamhüquqlu üzvü seçilib

"İRƏLİ" YEU-nun tamhüquqlu üzvü seçilib
# 03 dekabr 2012 08:35 (UTC +04:00)

Bakı-APA. İspaniyanın Mollina şəhərində Avropanın tanınmış beynəlxalq gənclər təşkilatı olan YEU–nun (Youth For Exchange and Understanding) illik toplantısı keçirilib. APA-nın məlumatına görə, tədbirdə “İRƏLİ” İctimai Birliyi üzv təşkilat olaraq baş katib Nərmin Məmmədova və idarə heyətinin üzvü Zaur Axundov tərəfindən təmsil olunub.

Toplantı zamanı 2012-ci ildə həyata keçirilən layihələr və tədbirlər müzakirə olunub, təşkilatın yeni prezidenti, vitse-prezidenti, xəzinədarı və yeni idarə heyətinin üzvləri seçilib. Həmçinin üzvlük məsələlərinə yenidən toxunulub və 2 il müddətində müşahidəçi üzv olan "İRƏLİ" İctimai Birliyi yekdilliklə tamhüquqlu üzv seçilib. Növbəti il “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bir neçə beynəlxalq layihənin ilkin müzakirəsi aparılıb.

Assambleyadan öncə 23-27 noyabr tarixlərində YEU tərəfindən üzv təşkilatlar üçün liderlik təlimləri təşkil olunub. Adı çəkilən təlimdə "İRƏLİ" İctimai Birliyinin idarə heyətinin üzvü Zaur Axundov iştirak edib.

Qeyd edək ki, Youth for Exchange and Understanding (YEU) təşkilatı 1986-cı ildə Fransanın Strasburq şəhərində yaranıb, 1989-cu ildə isə Avropa koordinasiya şöbəsinin üzvü kimi tanınıb. “İRƏLİ” İctimai Birliyi 2010-cu ildən etibarən təşkilatın müşahidəçi üzvü kimi fəaliyyət göstərirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR