Məktəblərin nəzdində mini muzeylər yaradılması təklif olunur

Məktəblərin nəzdində mini muzeylər yaradılması təklif olunur
# 19 iyun 2014 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda elmi, mədəniyyəti və incəsənəti şagirdlər arasında təbliğ etmək məqsədilə məktəblərin nəzdində mini muzeylər yaradılması təklif edilib. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi Nəzrin Cəfərova Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV Respublika elmi konfransında çıxışı zamanı deyib ki, bu məsələ paytaxtdan kənardakı məktəblər üçün daha aktualdır: “Onların davamlı olaraq muzeylərə getməyə imkanları olmur. Bu işin təşkili və mini muzeylərin təşkili üçün ilk növbədə pilot məktəblər seçmək lazımdır. Humanitar yönümlü məktəb və liseylərdə ədəbiyyat, tarix və bədi profilli, texniki yönümlü məktəblərdə dəqiq elm və texniki profilli mini muzeylər açmaq olar. Hesab edirəm ki, bu işdə təhsil sistemi ancaq qazanacaq”.

N. Cəfərova qeyd edib ki, Avropa ölkələrində məktəb muzeylərinin əhatə dairəsi genişdir. Xarici ölkələrdə 700-ə qədər məktəb-muzeyin olduğunu deyən elmi işçi vurğulayıb ki, 30 Avropa dövləti arasında bu məsələdə liderliyi Almaniya tutur: “Həmin ölkədə 100-dən çox belə muzey var. Bəzi ölkələrdə hətta bağçalarda da mini muzyelər təşkil olunur. Bu da uşaqların erkən yaşlarında təbiətə, tarixə, mədəniyyətə, əməyə marağını artırır”.

Konfransın davamında səsləndirilən digər məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik, tarixi silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikası sahələrini əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR