Əli Həsənov: “Yazıçı və şairlərimiz nümunəvi Azərbaycan gəncinin obrazını ortaya qoymayıb”

Əli Həsənov: “Yazıçı və şairlərimiz nümunəvi Azərbaycan gəncinin obrazını ortaya qoymayıb”
# 24 may 2013 14:37 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Təəssüf ki, yazıçı və şairlərimiz hələ də nümunəvi Azərbaycan gəncinin obrazını ortaya qoymayıb”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda keçirilən seminarda deyib.

Ə.Həsənov bildirib ki, bu məsələ şair və yazıçıların üzərinə ciddi məsuliyyət qoyur: “Bu yaxınlarda yazıçılardan biri ilə mübahisə zəminində dedim ki, siz yüzlərlə əsər yaza bilərsiniz, amma hanı əsərlərinizdə nümunəvi Azərbaycan gəncinin obrazı ki, gələcəkdə bu əsərə baxıb kino çəkilsin və gələcək nəslin tərbiyəsində təbliğat kimi istifadə edilsin”.

Ə.Həsənov gənclərə milli dəyərləri qiymətləndirməyi və təbliğ etməyi də tövsiyə edib: “Məsələn, Avropalılar üçün dəyərlər - centlmenlik öz baxışlarına uyğundur. Fransız kimi görünməyə, onlar kimi yemək yeməyə çalışmayın. Bizim elə dəyərlərimiz var ki, avropalılar heç vaxt bu dəyərləri qazana bilməzlər. Böyüyə-kiçiyə hörmət, qadınlara əxlaqlı münasibət, onların yerini bilmək və sairə. Gedin Avropaya və onların ictimai nəqliyyatdakı davranışlarına baxın. Avropada nəqliyyatda bir kişinin qadına yer verməsi ayıb sayılır. Yaxud ABŞ-da avtobusda bir qadına oturmaq üçün yer təklif etsən, sənə maraqla baxar və ya düşünər ki, onun nə məqsədi var? Ailə mədəniyyətimizdə də tamamilə fərqli özəlliklər yer alıb. Məsələn, bizdə ailənin sonuncu üzvü gecə evə gəlməyənədək yatmayıb onu gözləyirlər. Yalnız o gələndən sonra yatırlar. Avropada isə belə deyil. Orada hərənin bir açarı var. Hər kəs öz otağına gedib heç kimi gözləmədən yatır. Bu onlar üçün dəyərdir, amma bizim üçün eyib sayılır”.

Ə.Həsənov Azərbaycanda 18 yaşa qədər olan əhalinin sayının 3 milyon 600 min olduğunu da diqqətə çatdırıb: “Bu da ümumi əhalinin təxminən 38 faizi edir. 29 yaşa qədər olan əhalinin sayı 50, 35 yaşa qədər olanların sayı isə 65 faizdir. Bizdə nəsillərin bir-birinə öz təcrübəsini vermək imkanları da genişdir. Məsələn, valideynlərim, mən və övladlarım - bir-birimizə təcrübəmizi ötürük. Çünki birgə və ya bir-birimizə bağlı yaşayırıq. Avropada necədir? Övlad 18-20 yaşa keçdisə, sərbəst həyat tərzinə başlayır. Həmin övladla nəinki nənə-babanın, valideynin də əlaqəsi itir. Bu baxımdan öz dəyərlərimizi qorumalı və gələcək nəsillərə ötürməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR