Ukraynanın sabiq müdafiə naziri: “Turçinovu hakimiyyətdən kənarlaşdırmaq lazımdır”

Ukraynanın sabiq müdafiə naziri: “Turçinovu hakimiyyətdən kənarlaşdırmaq lazımdır”
# 30 aprel 2014 11:31 (UTC +04:00)

Bakı – APA. Ukrayna hakimiyyətinin ölkənin şərqində separatçılığın qarşısını ala bilməməsi ölkə daxilində ciddi narazılıq və etirazlara səbəb olub. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, keçmiş müdafiə naziri, prezidentliyə namizəd, deputat Anatoli Qritsenko Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovu sərt ifadələrlə tənqid edərək onun vəzifədən uzaqlaşdırılması təklifi ilə çıxış edib.

Xarkovda çıxış edən A. Qritsenko deputat həmkarlarını ölkənin hazırkı vəziyyətində məsuliyyətli olmağa çağırıb: “Dərhal növbədənkənar iclasa yığışaraq Ali Baş Komandan Turçinovu dəyişmək lazımdır. Güc strukturlarının rəhbərlərini dinləməyə ehtiyac yoxdur, buna zərurət də qalmayıb. İndi rəhbər vəzifələrə məsuliyyətli qərarlar qəbul etməkdən qorxmayan insanlar təyin olunmalıdır. Deyirlər ki, atları döngədə dəyişməzlər. Düzdür, lakin eşşəkləri dəyişmək olar və lazımdır”.

Qeyd edək ki, Ukrayna vətəndaşları sosial şəbəkələrdə ölkənin şərqində yaranmış vəziyyətə hakimiyyətin zəif reaksiyasını çox sərt tənqid edirlər. Aleksandr Turçinov və onun ətrafındakı şəxslər acizlik və qorxaqlıq nümayiş etdirməkdə ittiham olunur. Qəzəbli ukraynalılar açıq təhqirlər yazmaqdan da çəkinmirlər. Hazırda hakimiyyətdə təmsil olunan şəxslərin əksəriyyəti “Batkivşina” (Vətən) Partiyasını təmsil etdiyi üçün bu partiyanın lideri Yuliya Timoşenkonun reytinqi ciddi şəkildə aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR