“Bolmart”da qanunsuz reklamın qarşısı alınıb

“Bolmart”da qanunsuz reklamın qarşısı alınıb
# 09 iyul 2013 11:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Avrora” firmasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 72 ünvanında yerləşən “Bolmart” ticarət obyektində aparılan yoxlama zamanı ticarət obyektinin giriş hissəsində yayımlanan “Tirajlı stimullaşdırıcı Bolmartdan bolluca hədiyyələr, 30 manatlıq bazarlıq et, 5 ulduzlu hoteldə bir həftəlik istirahət et” məzmunlu reklamın qeyri-dəqiq və bilərəkdən yalan reklam olduğu müəyyən edilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan reklamda istehlakçıya “Bolmart” ticarət obyektindən 30 manatlıq bazarlıq etməklə 5 ulduzlu hoteldə bir həftəlik istirahət edəcəyi bildirildiyi halda, faktiki olaraq kampaniya çərçivəsində ticarət obyektindən 30 manatlıq bazarlıq edən istehlakçılara əvvəlcədən müəyyən edilmiş tarixdə oynanılacaq uduşlu lotereyada iştirak etmək imkanının verildiyi və həmin lotereyada iştirak edən istehlakçılardan yalnız 2 nəfərinin qeyd olunan istirahəti əldə edə biləcəyi müəyyən edilib. Bundan başqa, reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və “Avrora” firması barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR