Bakıda “Dağlıq Qarabağ münaqişəsi: real vəziyyət, Azərbaycan mövqeyi” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Dağlıq Qarabağ münaqişəsi: real vəziyyət, Azərbaycan mövqeyi” mövzusunda dəyirmi masa keçirilib
# 24 may 2013 14:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bu gün Bakıda Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Dağlıq Qarabağ münaqişəsi: real vəziyyət, Azərbaycan mövqeyi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov bildirib ki, “Dağlıq Qarabağ mövzusu və gənclər” layihəsi çərçivəsində bir çox rayonlara səfər edilib və gənclərlə görüşüblər. Onun sözlərinə görə, görüş Qarabağ həqiqətlərinin, Azərbaycanın münaqişə ilə bağlı rəsmi mövqeyini gənclərə çatdırılmasına xidmət edir: “Biz onlarla Dağlıq Qarabağla bağlı bilgilərimiz bölüşürük. Bu layihədə əsas məqsədimiz odur ki, Azərbaycanın mövqeyini gənclərə çatdıraq. Layihə aprel ayında başlayıb və sentyabra qədər davam edəcək”.

Ə. Həsənov son dövrlərdə Qarabağla bağlı çoxsaylı tədbirlər keçirildiyini, lakin həmin tədbirlərə əslən Dağlıq Qarabağdan olan vətəndaşlar cəlb olunmayıb: “Həmin vətəndaşların beynəlxalq tədbirlərdə iştirakı Azərbaycan həqiqətlərinin, münaqişə və onun fəsadlarının dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir. Bizim münaqişə barədə hazırlıqlı kadrlarımız yoxdur. Ona görə də məcburi köçkünləri, gəncləri tapmalı və ictimai siyasi məsələlərə cəlb edilməlidir ki, onlar dağlıq Qarabağ haqqında informasiya müharibəsində Azərbaycan maraqlarını təmsil edə bilsinlər. Eyni zamanda bu istiqamətdə Dağlıq Qarabağ İcmasının gənc nümayəndələri ilə görüşlər keçirilməlidir”.

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu isə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışıb. Onun sözlərinə görə, münaqişə ilə bağlı real vəziyyətdə heç bir irəliləyiş yoxdur: “Torpaqlar hələ də işğal altındadır. Bu istiqamətdə hər iki tərəfdən müxtəlif səviyyəli görüşlər keçirilsə də, real nəticə yoxdur. Beynəlxalq aləmin də münaqişə istiqamətindəki fəaliyyəti nəticəsiz qaldı. Hazırda isə Rusiya münaqişənin həllində aktiv deyil. Hesab edirəm ki, Ermənistana beynəlxalq səviyyədə təzyiq göstərilməsə, münaqişənin həlli uzanacaq. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli həll planının tərəfdarıdır. Azərbaycan münaqişə ilə bağlı bir neçə təklif irəli sürüb ki, bunlar da Dağlıq Qarabağa yüksək status verilməsi nəzərdə tutulurdu”.

Sonra yazıçı, publisist, jurnalist Kərim Kərimlinin müharibə qurbanları və şəhid ailələri mövzusunda yazdığı “Şuşamın kitabı” əsərinin təqdimatı keçirilib. Müəllif bildirib ki, bu, eyniadlı kitabın birinci hissəsidir və kitabda Şuşanın tarixi, mədəniyyəti və ermənilərin Şuşada törətdiyi hadisələr öz əksini tapıb.

Əsər Humanitar Tədqiqatlar Cəmiyyəti tərəfindən “2012-ci ilin ən yaxşı kitabı” adına layiq görülüb və müəllif diplomla mükafatlandırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR