Ukraynanın baş naziri: “Meydandakı aksiya ölkənin maraqlarını əks etdirmir”

Ukraynanın baş naziri: “Meydandakı aksiya ölkənin maraqlarını əks etdirmir”
# 22 yanvar 2014 02:58 (UTC +04:00)

Bakı-APA. Kiyevin Müstəqillik Meydanındakı aksiyada Ukraynanın yalnız üç qərb vilayətinin nümayəndələri toplaşıb və bu aksiya heç də bütün ölkənin maraqlarını əks etdirmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Nikolay Azarov “Rossiya 24” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Müstəqillik Meydanındakı aksiya ilə müqayisədə Ali Radanın qarşısında hakimiyyətin siyasətinə dəstək mitinqində ölkənin bütün bölgələrinin nümayəndələri iştirak edir.

“Qərb mətbuatı diqqətini yalnız bir meydana yönəldib, halbuki digər meydanda bütün Ukrayna təmsil olunub. Müstəqillik Meydanındakı aksiyada Ukraynanın əsas bölgələrinin çox az sayda nümayəndələri iştirak edir, burada əsasən 3 vilayət təmsil olunub – İvano-Frankovsk, Lvov və Ternopol vilayətləri. Ali Radanın yaxınlığındakı meydanda isə, demək olar ki, bütün Ukrayna təmsil olunub”, deyə Azarov qeyd edib.

O əlavə edib ki, hazırda Ukraynanın hər yerində insanlar hökumətin siyasətini dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR