Meksikanın Sinaloa ştatının Quasave şəhərində narkokartel rəhbəri Fausto İsidoronun saxlanılması ilə bağlı əməliyyat zamanı silahlı şəxslər küçələrdə barrikadalar qurublar.
APA “Sky News”ə istinadən xəbər verir ki, silahlı şəxslər şəhərin azı 10 yolunu yanan avtomobillərlə bağlayıblar.
Yayılan görüntülərdə beysbol oyunu zamanı atışma səslərindən qorxan insanların qaçdığı, avtomobillərin və yanacaqdoldurma məntəqələrinin yandığı əks olunub.
Həmçinin şəhər üzərində hərbi helikopterlərin uçduğu və bəzi binalara atəş açıldığı bildirilir.
Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuç mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Sinaloa ştatında hərbçilərin yerləşdirilməsinin davam etdiriləcəyini açıqlayıb.