Azərbaycan telekanallarında dərmanların reklamı ilə bağlı monitorinqlər başlayıb

Azərbaycan telekanallarında dərmanların reklamı ilə bağlı monitorinqlər başlayıb
# 25 fevral 2013 10:53 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) bu gündən ölkə telekanallarında dərman vasitələrinin reklamına nəzarət məqsədilə monitorinqlərə başlayıb. Bu barədə APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən son dəyişiklərdən sonra telekanallarda yalnız Səhiyyə Nazirliyi tərəfindən reklamına icazə verilən dərman vasitələri reklam olunmalıdır: “Bu məsələ “Dərman vasitələri haqqında” qanun qəbul olunanda ortaya çıxmışdı. O zaman biz Səhiyyə Nazirliyinə məktub göndərdik ki, bizə reseptsiz buraxılan dərmanların siyahısını göndərsinlər ki, buna uyğun olaraq hansı dərmanların reklamına icazə verildiyini bilək. O zaman SN-dən bildirildi ki, bu dərmanların sayı çoxdur, buna görə də onlar siyahı təqdim etmədilər və həmin məsələ açıq qaldı. Amma bir neçə gün əvvəl Səhiyyə Nazirliyi tərəfindən MTRŞ-ya məktub göndərilib. Həmin siyahıda 11 dərmanın adı var. Bu dərmanlar reklam oluna bilər. Biz həmin dərmanların siyahısını operativ surətdə bütün telekanallara göndərmişik”.

Şura sədri deyib ki, artıq bununla bağlı MTRŞ-nın monitorinq şöbəsinə tapşırıq verilib: “Telekanallarda yalnız həmin dərmanların reklamına icazə veriləcək. Qalan dərmanların reklamı isə qanunuyğun olmadığı üçün bununla bağlı tədbir görüləcək, həmin dərmanın reklamı dayandırılacaq. Bu reklamı verən televiziya şirkətinə isə xəbərdarlıq ediləcək və ya cərimə tətbiq olunacaq”.

N. Məhərrəmli qanunverciliyə edilən son dəyişiklikdən sonra özəl klinikaların reklamının məhdudlaşmasına da münasibət bildirib: “Şura qanunvericiliyə əsasən fəaliyyət göstərir. Qanunvericilikidə özəl klinikaların reklamına Səhiyyə Nazirliyinin rəy verməsi nəzərdə tutulursa, Şura bu rəyi nəzərə alacaq. Özəl klinikalar Səhiyyə Nazirliyinin verəcəyi rəy əsasında reklam olunacaq. Bu sahədə koordinasiya olmalıdır. Biz tibb sahəsində mütəxəsis olmadığımıza görə bu işlərə rəy verə bilmərik. Səhiyyə Nazirliyi həmin klinikaların siyahısını MTRŞ-ya göndərməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR