Azərbaycanda bədbəxt hadisələr zamanı xəsarət alanların sayı 34,2%, ölənlərin sayı 36,8% azalıb

Azərbaycanda bədbəxt hadisələr zamanı xəsarət alanların sayı 34,2%, ölənlərin sayı 36,8% azalıb
# 26 aprel 2013 09:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son 20 il ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) həmkarlar ittifaqlarının xidmət sahəsinə daxil olan müəssisələrdə mütləq mənada xəsarət alanların sayı 5,5 dəfə, bədbəxt hadisə nəticəsində ölənlərin sayı isə 4,5 dəfə azalıb.

APA-nın xəbərinə görə, bunu AHİK-in sədri Səttar Mehbalıyev Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, təkcə 2012-ci ildə 2011-ci illə müqayisədə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə bədbəxt hadisələr zamanı xəsarət alanların sayı 34,2%, ölənlərin sayı isə 36,8% azalıb. Belə ki, 2011-ci ildə xəsarət alanların sayı 79 nəfər idisə, 2012-ci ildə 52 nəfər olub. Xidmət müəssisələrində ölənlərin sayı isə 2011-ci ildə 38 nəfər olduğu halda, 2012-ci ildə 24 nəfərə düşüb. Həmin dövr ərzində analoji azalma respublika üzrə də müşahidə olunub.

S.Mehbalıyev qeyd edib ki, 2006-2011-ci illərdə istər həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə, istərsə də respublika üzrə əmək xəsarətlərinin artımı müşahidə olunub: “Biz bu cür istehsalat zədələnmələrinin artım dinamikasına biganə qala bilmərik. Bütün bunlar isə onu göstərir ki, biz hələ də bir sıra kompleks məsələlərin həllinə nail ola bilməmişik. Transmilli şirkətlərdə, kiçik və orta biznes müəssisələrində, büdcədənkənar müəssisələrdə işçilərin qeyri-məqbul əmək şəraiti xüsusilə həyəcan doğurur. Biz həmkarlar ittifaqları olaraq əminik ki, sosial tərəfdaşlarla birlikdə hər bir işçi üçün təhlükəsiz və layiqli iş yeri yaratmaq kimi çətin bir vəzifənin öhdəsindən gəlmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR