ABŞ Senatı Avropada raket hücumundan müdafiə sisteminin qurulmasını dövlət siyasəti elan edib

ABŞ Senatı Avropada raket hücumundan müdafiə sisteminin qurulmasını dövlət siyasəti elan edib
# 13 iyul 2007 08:28 (UTC +04:00)
ABŞ Senatı ABŞ və müttəfiqlərini İranın zərbələrindən müdafiə məqsədilə Avropada raket hücumundan müdafiə sisteminin qurulmasını dövlət siyasəti elan edib. APA-nın ABŞ bürosunun məlumatına görə, bu qərar 2008-ci ilin hərbi büdcəsinə əlavə və dəyişikliklərlə əlaqədar qəbul olunub. Qərarın lehinə 90, əleyhinə 5 senator səs verib. Sənədi hazırlayan respublikaçı senator Ceff Seşşins bildirib ki, bu qərar İranın nüvə və raket proqramlarının sülh və təhlükəsizliyə problem yaratdığını bir daha təsdiqləyir. Qeyd edək ki, ABŞ Polşa və Çexiyada raket hücumundan müdafiə sistemi qurmağa hazırlaşır. Bu sistemə raketlərin uçuşunu qeydə alan radar və 10 raket tutan kompleks daxildir. Radar Çexiya ərazisində, raket tutan komplekslər isə Polşada quraşdırılacaq. Bu sistemin quraşdırılması tam şəkildə 2013-cü ildə başa çata bilər. ABŞ yeni müdafiə sisteminin “şər ölkələrindən” qaynaqlanan təhlükənin aradan qaldırılması məqsədi daşıdığını bəyan edib. ABŞ-ın Avropada yeni raket hücumundan müdafiə sistemi quraşdırması Rusiyanın narazılığına səbəb olub, Moskva bunun müqabilində ABŞ-a Azərbaycanda yerləşən Qəbələ radiolokasiya stansiyasından birgə istifadəni təklif edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR