Robert Prosineçki: “Hələlik adlarını çəkmək istəmirəm”

Robert Prosineçki: “Hələlik adlarını çəkmək istəmirəm”
# 16 fevral 2016 14:26 (UTC +04:00)

Bakı – APA. “Kəpəz” cari mövsümdə çox yaxşı təsir bağışlayır, uğurlu nəticələr qazanır. Belə çıxış bizim diqqətimizi çəkməyə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Qarabağ” matçını (1:2) Prosineçki tribunadan izləyib. Xorvatiyalı məşqçini Nizami yurduna ilk səfərində köməkçisi, Gəncə futbolunun yetirməsi Mahmud Qurbanov müşayət edib.

Matçdan sonra klubun saytına açıqlama verən 47 yaşlı çalışdırıcı “Kəpəz”in heyətində bəyəndiyi futbolçuların olduğunu bildirib: “Bu komandada yaxından izlədiyim oyunçular var. Onlardan bəzilərini ötən il millinin heyətinə cəlb etmişdim. İndi də yığmada görmək istədiyim futbolçular var. Hələlik adlarını çəkmək istəmirəm. Çünki bu haqda danışmaq bir qədər tezdi. Zamanı gələndə heyəti açıqlayacağıq və onda adlar məlum olacaq”.

“Qarabağ”la matçda qol vuran Namiq Ələsgərovun çıxışı Prosineçkinin ürəyincə olub. Yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirən çalışdırıcı millinin qapılarının onun üzünə açıq olduğunu deyib: "Meydanda olan milli üzvlərindən razı qaldım. Bu mənada, Namiqi ayrıca qeyd etmək istərdim. Bilirsiz ki, ötən il bu futbolçunu Maltaya qarşı görüşdə milliyə dəvət etmişdim. Təəssüflər olsun ki, həmin matçda ağır zədələndi və bir neçə ay idi ki, futboldan kənarda qalmışdı. Çox xoşdu ki, uzun fasilədən sonra Namiq yaxşı formada meydançaya qayıdıb. Mən buna ancaq sevinirəm. Bu cür çıxışını davam etdirsə və zədə ilə bağlı çətinliyi olmasa, onu gələn ay Türkiyədə keçiriləcək təlim-məşq toplanışına çağıracağam”.

Azərbaycan yığma komandasının baş məşqçisi Gəncədə azarkeş çoxluğundan razılıqla bəhs edib: “Mən Gəncədə çılğın və böyük azarkeş ordusu gördüm. Onların komandaya böyük dəstək verməsi və ümumiyyətlə, stadiona bu qədər fanatın gəlməsi çox sevindicidi. İnanıram ki, millinin oyunları bu stadionda baş tutsa, görüşləri izləmək üçün daha çox azarkeş gələcək. Bu qədər fanat onu göstərir ki, Gəncədə futbolu çox sevirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR