Sabiq “Qarabağ”lı “Əskişəhərspor”dan rəsmən ayrılıb

Sabiq “Qarabağ”lı “Əskişəhərspor”dan rəsmən ayrılıb
# 20 noyabr 2015 11:46 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Əskişəhərspor” klubu iki futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Teofanis Gekas və sabiq “Qarabağ”lı yarımmüdafiəçi Muarem Muarem Superliqa təmsilçisi ilə rəsmən vidalaşıb.

Əskişəhər klubu rəsmi sayt vasitəsilə hər iki futbolçuya təşəkkürünü bildirib: “Mövsümün əvvəlində transfer etdiyimiz Teofanis Gekas və Muarem Muaremin müqaviləsi qarşılıqlı razılıqla ləğv edildi. Hər iki oyunçuya təşəkkür edir, bundan sonrakı karyeralarında uğurlar arzulayırıq”.

Yay fasiləsində “Akhisar”dan transfer edilən Gekas bu mövsüm Superliqada keçirdiyi 10 oyunda 5 qola imza atıb.

Ötən mövsümün sonunda “Qarabağ”la sağollaşaraq Türkiyəyə yollanan makedoniyalı isə cəmi 2 rəsmi matçda iştirak edib.

Qeyd edək ki, 2012-2015-ci illərdə Ağdam təmsilçinin şərəfini qoruyan Muaremin yenidən “Qarabağ”a dönmək ehtimalı heç də az deyil. Futbolçu bu yaxınlarda yerli mətbuata açıqlamasında “Əskişəhərspor”dan ayrılacağını və təklif gələrsə, Ağdam təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR