Dünya qolfunun əfsanəsi "Dreamland" Qolf Klubunun rəsmi açılışında iştirak edib

Dünya qolfunun əfsanəsi "Dreamland" Qolf Klubunun rəsmi açılışında iştirak edib
# 05 oktyabr 2015 13:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycana ilk dəfə gələn “Ryder” kubokunun qalibi olmuş Kolin Montqomeri (Colin Montgomerie) oktyabrın 4-də “Dreamland” Qolf Klubunun rəsmi açılışında iştirak edib.

APA-Economics”in məlumatına görə, dünya şöhrətli məşhur qolf memarı Sintiya Day (Cynthia Dye) tərəfindən dizayn edilən paytaxt Bakının ilk qolf sahəsi rəsmi olaraq Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açıq elan edildikdən sonra K. Montqomeri beynəlxalq turnirlərin keçirilməsi imkanlarına sahib olan qolf sahəsində ilk atışını edib.

Avropa və dünyanın ən məşhur qolfçusu olan K. Montqomeri 8 dəfə “Ryder” Cup kubokunun qalibi olub, dünya üzrə 48 dəfə müxtəlif sərlövhəli qalibiyyətlər qazanıb. Bundan əlavə rekord qıraraq Avropa Turniri Merit Siyahısının 8 dəfə lideri olub.

K. Montqomeri kiçik yaşlı qolfçularla görüşərək onlara qolf dərsləri də verib. Bundan başqa müxtəlif ölkələrdən qonaq gəlib və oktyabrın 4-də özəl təşkil edilmiş qolf turnirində iştirak edən hər bir qolfçu K. Montqomeri ilə birgə qolf atışları etmək imkanı qazandılar.

Tədbirə dəvət alan yerli media “Dreamland” Golf Klubun direktoru Filip Cons (Philip Jones) tərəfindən qarşılanıb. Qolf sahəsi üzrə media nümayəndələrinə ətraflı məlumat verən F. Cons Azərbaycan üçün tam yeni olan bu idmanın Azərbaycanın regionda nüfuzunun qalxmasına, turizmin inkişafına kömək edəcəyini də qeyd edib. ”Qolf Azərbaycana qonşu olan Türkiyə və Rusiya Federasiyasında çox məşhurdur. Qolf bir idman kimi ölkə nüfuzunun qalxmasında əhəmiyyətli rola malikdir. Məsələn Əbu-Dabidə eyni ildə həm Formula 1 və həm də Qolf turnirinin keçirilməsi bu şəhəri dünyada çox məşhur edib. Bakının iqlimi ilin 9 ayı qolf oynamağa imkan verir ki, bu da böyük amildir. Məsələn, Rusiyada artıq qolf mövsümü tamamlanıb. Bu o deməkdir ki, biz atıq Rusiyada qolf həvəskarlarını “Dremaland” Golf Klubda qəbul edəcəyik.”

F. Cons həm də ərazidə qolf sahəsinin necə yaradıldığından danışdı. Sahə üzrə Colin Montgomerienin qolf atışlarını izləyən jurnalistlər onları maraqlandıran sualları F. Consa ünvanladılar.

Daha sonra media nümayəndələri “Dremland” Golf Akademiyasında təşkil edilən “trick shot show”unu (trik şot şou) izləməyə dəvət edildilər. Dünya üzrə qolf həvəskarlarının çox sevdiyi “trick show” qolf oynamaq üçün istifadə edilən qolf ləvazimatları ilə qeyri-qolf hərəkətlərinin edilməsidir. Məsələn, qolf çubuğu və topu ilə tennis vuruşu etmək və ya iki topa eyni anda zərbə endirmək buraya daxildir. Açılış münasibətilə Bakıya hazırda dünya trick shot show´nun qalibi Cef Sveyn (Geoff Swain) dəvət edilib. Geoff Swain öz ustalığı ilə gələn bütün qonaqlar yerli və xarici media nümayəndələrinin marağına səbəb olub.

“Dreamland” haqqında danışarkən K. Montgomeri vurğulayıb: ”Mən karyeram ərzində yüzlərlə qolf sahələrində olmuşam. “Dreamland” Golf klubu öz standartlarına görə heç bir yerdən geridə qalmır və əksinə bir çox qolf sahələrindən daha gözəldir. Burada yaradılan şərait, villalar, restoran, qolf akademiyası daxil olmaqla bütün təsislərə görə tam dünya səviyyəsindədir. Qolfun Azərbaycan kimi yeni ölkələri fəth etməsi çox gözəldir. İnanıram ki, Bakının mərkəzindən bir neçə dəqiqəlik məsafədə olan Dreamland Golf Club tərkibinə daxil olan qolf akademiyası Azərbaycanda yeni qolfçular yetişdirəcəkdir”.

Qeyd edək ki, “Dreamland” Qolf Klubu 65 hektarlıq ərazini əhatə edir. 18 dəlikdən ibarət olan misilsiz mənzərəli qolf sahəsi beynəlxalq turnirlərə ev sahibliyi edə biləcək imkanlara malikdir. Qolf klubun tərkibinə həm də iki mərtəbəli, 40 nəfərin eyni zamanda təlim keçə biləcəyi Qolf Akademiyası da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR