AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu: "Akademik Tofiq Hacıyevin hüquqlarını tapdalamamışam"

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu: "Akademik Tofiq Hacıyevin hüquqlarını tapdalamamışam"
# 25 sentyabr 2015 13:04 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu mətbuatda haqqında yayılan informasiyalara münasibət bildirib.

O, APA-ya açıqlamasında deyib ki, mətbuatda akademik Tofiq Hacıyevin hüquqlarını tapdalaması barədə verilən məlumatların heç bir əsası yoxdur: ""Moderator.az saytında “Möhsün Nağısoylu cinayət məsuliyyətinə cəlb edilə bilər” başlıqlı yazı dərc olunub. Yazıda iddia edildiyi kimi, akademik Tofiq Hacıyevin hüquqlarını tapdalamayıb və direktor səlahiyyətlərini mənimsəməmişəm. Tofiq müəllim iyulun 27-də Dilçilik İnstitutuna gələrək, kollektivin yanında məni təbrik edib və işimdə uğurlar arzulayıb. Akademik istefa ərizəsini geri götürdükdən sonra da, işə gəldiyi ilk gündə mənimlə görüşüb və bu məsələnin bizim münasibətlərimizə təsir etməyəcəyini bildirib. Tofiq müəllim sentyabrın 4-də direktor kabinetində öz işinə başlayıb və ona direktorluq fəaliyyətində maneçilik göstərilməyib. Mən isə AMEA rəhbərliyinin sərəncamına əsasən direktor vəzifəsini icra edən qismində işə başlayan gündən direktor müavinin kabinetində öz vəzifə borcumu yerinə yetirmişəm və yerinə yetirməkdəyəm”.

İnstitutun möhürünə gəldikdə isə M. Nağısoylu qeyd edib ki, möhürün saxlandığı seyfin açarını T. Hacıyev istefa verəndən sonra ona təhvil verib: "Sərəncama uyğun olaraq mənə verilən səlahiyyət çərçivəsində ondan istifadə etmişəm və etməkdəyəm. Tofiq müəllimin səlahiyyətlərinin mənim tərəfimdən mənimsənilməsi ilə bağlı yazı haqqında akademiklə söhbət etdim. Akademikin özü bu fikrin uydurma olduğunu bildirdi. Tofiq müəllim onu da bildirdi ki, onun sözügedən materialdan ümumiyyətlə, xəbəri yoxdur. Deməli, bu yazı Tofiq müəllimin rəyi olmadan, məsələnin mahiyyəti araşdırılmadan qərəzli şəkildə hazırlanıb. Məni direktor kimi təqdim ediblər, bu da yanlışdır. Mən direktor yox, direktor vəzifəsini icra edənəm. İndiyədək verdiyim müsahibələrdə və imzaladığım sənədlərdə də bunu xüsusi olaraq qeyd etmişəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR