Prezident İlham Əliyev: “Ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var”

Prezident İlham Əliyev: “Ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var”
# 25 fevral 2019 13:59 (UTC +04:00)

“Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcək: “Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaq”.

Prezident İlham Əliyev nəzərə çatdırıb ki, yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilib, üçüncü proqrama yekun vurulub: Üçüncü proqram artıqlaması ilə icra edilib. Qarşımızda duran bütün vəzifələr icra olunub. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilib. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq”.

Dövlət başçısı qeyd edib ki, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib: “Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artıb. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplayıb. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplayıblar və ümumi daxilolmalar 105 milyon manat artıb, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR