Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9 xəstəyə qaraciyər köçürülüb

Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9 xəstəyə qaraciyər köçürülüb
# 13 dekabr 2017 08:41 (UTC +04:00)

Son 10 il müddətində Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) 500-dən çox insan üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunub.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, MNX-nın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.

Onun sözlərinə görə, xəstəxanada bu il 76 xəstəyə böyrək, 9 xəstəyə isə qaraciyər köçürülüb.

Şöbə müdiri qeyd edib ki, xəstəxanada indiyə kimi əməliyyat olunan xəstələrin 92-95 faizi sağlıqlarına qovuşa bilib: “7 xəstəmiz valideyn olub. Bizim 26-27 faiz xəstəmiz dializə getmədən əməliyyat olunurlar. Xəstələrin 22 faizini isə uşaqlar təşkil edir. Orqan transplantasiyasının həyata keçməsi üçün lazım olan amillərdən biri də donorlardır. Yəni xəstənin donoru olmasa, əməliyyat baş tutmaz. Bütün dünyada olduğu kimi Azərbaycanda da xəstələrin sayı artır. Lakin donorların sayı azdır. Bizə əməliyyat üçün müraciət edən xəstələrdən bəzilərinin müəyyən səbəbdən donorları yoxdur. Bu səbəblərdən biri də qan qrupunun uyğun olmamasıdır. Bu problemin həlli yollarından biri çarpaz orqan transplantasiyasıdır. Çarpaz orqan transplantasiyası ilk dəfə ölkəmizdə icra olunub. Yəni xəstələr öz aralarında qan qrupları uyğun şəkildə donorlarını dəyişdirirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR