Doktorantura və dissertanturaya qəbulla bağlı xarici dil üzrə imtahanın nəticələri açıqlanıb

Doktorantura və dissertanturaya qəbulla bağlı xarici dil üzrə imtahanın nəticələri açıqlanıb
# 31 yanvar 2020 15:34 (UTC +04:00)

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün keçirilən xarici dil üzrə imtahanın nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, namizədlər DİM-in internet saytında imtahan nəticələri, cavab kartının və esselərin qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda 1489 namizəd iştirak edib. 30 nəfər imtahana gəlməyib. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahan nəticələrinə əsasən 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunub.

İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib, ümumilikdə 20 və daha çox bal toplamış namizədlər fəlsəfə imtahanına buraxılıblar.

Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

İmtahan nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün 2020-ci il 3-4 fevral tarixlərində saat 10.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında, keçmiş Bakı Asiya Universitetinin binasında) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Namizədlər Apelyasiya Komissiyasına şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Qeyd edək ki, 2020-ci il yanvarın 26-da doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR