Azərbaycan Beynəlxalq Bankının "IBA Tech" Akademiyasının ilk buraxılışı baş tutub - FOTO

Azərbaycan Beynəlxalq Bankının "IBA Tech" Akademiyasının ilk buraxılışı baş tutub - FOTO
# 25 dekabr 2019 15:16 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının yaratdığı “IBA Tech” Akademiyasının ilk buraxılışı münasibəti ilə Bakı Konqres Mərkəzində “Məzun günü” mərasimi keçirilib və məzunlara müvəffəqiyyət sertifikatları təqdim olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, akademiyanın sosial layihə kimi təşkil etdiyi ilk intensiv proqramlaşdırma kurslarında ümumən 90 tələbə ödənişsiz təhsil alaraq uğurla məzun olub. Onlardan 46 nəfəri “IBA Tech” Akademiyasını “Frontend”, 44 nəfəri isə “Backend” ixtisası üzrə bitirib.

Mərasimdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın Azərbaycanda biznes mühitində bir ilk olan bu sosial layihəsinin böyük ictimai rəğbətlə qarşılandığını bildirib: “ Bu, onu göstərir ki, ölkəmizin bu günü və gələcəyi üçün faydalı bir işə başlaya bilmişik. Bundan böyük qürur duyuruq. Başlanğıc bizim üçün çox uğurlu oldu. “IBA Tech” Akademiyası ilk çağırışından bu qədər istedadlı gəncimizi bir araya gətirdi. Gələn ildən yeni proqramlarımızla öz missiyamıza davam edəcəyik. Məqsədimiz Azərbaycanın əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacların qarşılanmasına kömək göstərmək, ölkəmizin innovativ inkişafına dəstək olmaqdır”.

Qeyd edək ki, layihənin icrasında Azərbaycan Beynəlxalq Bankına İsrail-Ukrayna şirkəti olan “DAN.IT” təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. “IBA Tech” Akademiyasının yeni qəbul proqramları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR