Moskvada Xəzər dənizinin hüquqi statusu ilə bağlı xüsusi işçi qrupunun iclası keçirilib

Moskvada Xəzər dənizinin hüquqi statusu ilə bağlı xüsusi işçi qrupunun iclası keçirilib
# 10 sentyabr 2015 16:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Sentyabrın 8-10-da Moskvada Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 41-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, danışıqlarda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə nümayəndəsi İqor Bratçikov, Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murad Atadjanov iştirak ediblər.

Tədbirə İqor Bratçikov sədrlik edib. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müzakirəsi zamanı çıxış xətlərinin quraşdırılması metodikasına, Xəzər dənizində dəniz elmi araşdırılmalarının aparılması və gəmiçilik rejiminin təkmilləşdirilməsi məsələlərinə diqqət ayrılıb. Əldə edilmiş irəliləyiş Konvensiya layihəsində qeyd olunub. Ekspertlərin fikir mübadiləsinin xüsusi işçi qrupunun növbəti iclasında davam etdirilməsi qərara alınıb.

Nümayəndə heyətləri xüsusi işçi qrupunun 41-ci iclasının yekununu müsbət qiymətləndirib.

Xüsusi işçi qrupunun növbəti iclası Qazaxıstanda keçiriləcək. Onun keçirilmə tarixi diplomatik kanallarla razılaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR