28 illik həsrət, 500 km-lik yol, yol boyu xəyalımda canlanan uşaqlığım - AĞDAMA DOĞRU...

# 15:09
7 iyun 2021

Ağdama gedirəm...

 

Arzular şəhərinə, doğulduğum, 16 yaşımadək xoşbəxt uşaqlıq illəri yaşadığım şəhərimə...

 

Həftənin 5-ci gününə planlaşdırılan Ağdam səfərinə gedəcəyimizi qızımdan başqa heç bir doğmama deməmişdim. Bilirdim ki, başda anam olmaqla hamı nigaran qalacaq. Yaxından tanıyanlar dəli-dolu olduğumu bildiyindən dəfələrlə xəbərdarlıq etdilər...”Sevinc ehtiyatlı ol, icazə verilməyən ərazilərə, xüsusilə eviniz tərəfə getmə!” dedilər. Yaxşı dedim, amma gedəcəyimiz günü səbirsizliklə gözləyirdim. Gecəni dirigözlü açdım. Axı 44 yaşımdan 16-ya atalı-analı günlərimə dönəcəkdim. O, şəhərə ki, orda doğmalarım, əzizlərim, qohumlarım, qonşularım, sinif yoldaşlarımla bağlı xatirələrim artıq qaysaq bağlamışdı. Sevinirdim...Sevincimdən gecəni səhərə qədər ağladım. Dostlarıma, görəsən Ağdama necə girəcəyəm, ürəyim partlamayacaq ki, gördüyüm mənzərədən? - sualını verirdim... Hətta düşündüm ki, kaş ki, ürəyim elə oradaca dayanardı...

 

Bilirsiniz necə hissdir, doğulduğun yurd-yuvana həsrət böyümək? 16 yaşından 44 yaşınadək “məcburi köçkün” adının ağırlığı ilə yaşmaq nə qədər ağır oldu bilirsinizmi?... Deyirlər yeniyetmələrin, gəncliyin öz qüruru olur. Ömrümüzün ən qürurlu yaşlarında 1 otaqlı yataqxana divarları arasında hər gün valideynlərinin Ağdam acısı ilə yaşamasını seyr edib böyümək yazılmışdı taleyimizə.  Qapımıza elçi gələn oğul anasının “Mən sənə yataqxanadan, məcburi köçkün qızı almaram” deməsini eşidib böyümüşdüm mən və yüzlərlə mənim kimi qarabağlı qızlar... Heç onda dərk etməmişdim Ağdamsızlığı, demişdim ki, sevgi fədakarlıqdır, əgər fədakar deyillərsə ömrün sonuna qədər onunla addımlamağa dəyməz. Bu hadisədən atam anamdan çox sarsılmışdı... Çünki, o mənim tək atam yox , dostum, yoldaşım, hər şeyim idi.... Onun ağaran saçlarında, qəmgin gözlərində idi Ağdam həsrəti. Hər kəlməsinin başında deyilərdi “əgər Ağdam olsaydı” ifadəsi.  Dünyada hər şeydən çox sevərdi Ağdamı, elə məndə Ağdamı atamın sevgisiylə sevirəm. Ağdamın işğalının 17-ci il dönümündə qəflətən dünyasını dəyişdi atam... İyulun 23-də... O, günə qədər də, elə bu gün də kaş tarixdən həmin gün, həmin rəqəm silinərdi deyirəm. Silinmədi, ağrılarımı içimdə uyuda-uyuda Ağdama yol almışdım, ürəyimlə danışa-danışa.... Yol boyu, görən atam duyurmu mən Ağdama, onun şəhərinə gedirəm deyə fikirləşirdim. Bir ovuc torpaq, Şahbulaqdan su götürmək üçün ürəyim çırpınırdı....

 

Səhərin 5-ində Bakıdan çıxdıq... Yol boyu danışmadım, dilim tutulmuşdu elə bil. Bizimlə birlikdə Ağdama səfər edən həmkarlarım “Sevinc gözün aydın, bizə həyətinizdə bir çay süzərsən içib qayıdarıq” deməsi az da olsa sakitləşdirmişdi ürək döyüntülərimi... Elə hey məni ovudurdular.

 

Saat 12.30 Ağdam postuna yaxınlaşırıq. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq yoxlama başlayır, polis təlimat verir... Daha da həyəcanlanıram... 28 illik ayrılıq və yenidən doğulduğum şəhərə sarılmaq kimi hiss yaşayır içimdə. Axı orda mənim uşaqlıq illərim qalmışdı. Bərk-bərk sarılıb soruşacaqdım, görəsən hansı yarandan öpsəm tez sağalarsan Ağdam?

 

Amma ... Biz Ağdamın girişində həmkarlarımız Sirac və Məhərrəmin minaya düşüb şəhid olduqları xəbərini eşidirik. Bir an dünya başımıza fırlanır, hamımız bir ağızdan “yox ola bilməz” əgər düz olsa APA yazardı deyirik, bir-birmizə. Bəlkə yaralıdırlar, bəlkə məlumatda yanlışlıq var deyə, hamımız bir-birimizdən cavab gözləyirik. Bir neçə dəqiqə postda dayanırıq. Məlumat təsdiqlənir. 5 il bizimlə APA TV-də operator kimi çalışmış Siracın zarafatları düşür yadıma. Məhərrəmin 44 günlük Vətən Müharibəsində jurnalist kimi fədakarlığı keçir gözümün önündən. Paramparça oluruq, hamı bir-birinə sıxılıb ağlayır. Məni bu həyatda kişilərin ağlamağı kimi heç nə yerlə bir edə bilməz... Operatorların necə ağladığının şahidi oluram... Dözüləsi deyildi o, mənzərə...

 

Bu ağrının ağırlığı ilə Ağdama daxil oluruq. Avtobusdan hamıdan sonra düşürəm.. Ayaqlarım sözümə baxmaz deyə düşünürəm. Nəhayət 28 ildən sonra sarılıb qucaqlayacağım mənim viran şəhərimə ağlaya-ağlaya girirəm. Bizi qarşılayanlar, təsəlli edir. İlk xahişim, çəkilişləri bitirim məni evimizə aparın-deyə müraciətim olur. Yaxşı, sakitləşin, vəziyyətə baxaq, mümkün olsa mütləq deyirlər.

 

İlk dayanacağımız İmarət olur. Erməni vandallığının qurbanı olmuş, digər tarixi abidələrimiz kimi İmarətdə yerlə-yeksan edilib. Operatorum dayanmadan çəkiliş edir, boğazım quruyub, haradan necə başlayacağımı bilmirəm... Ətrafa boylanıb Ağdamı xatırlamağa çalışıram... Vaxt azdır deyirlər və çəkilişlərə başlayıram.

 

Çəkilişlərə verilən az vaxt çərçivəsində hər daşı, hər divarı kameramızın yaddaşına köçürürük. 

 

Tanıyanlar soruşur:” Sevinc sənin böyüdüyün Ağdamdımı?”- gözlərim dolur, yox qətiyyən. İnsan oğlu necə belə vəhşilik edər axı, daşın, divarın, qəbirin, abidənin nə günahı var ki, deyirəm...Hamı susur. Həmkarlarım mənim davranışımı izləyir. Elə hey gözüm, nəyisə axtarır, heç olmasa uşaqlığımızdan bir nişanə... Vardı...tapdım...Dəlik-deşik divarlar, evləri alt-üst olmuş evlər, bir atalı vaxtlarımda keçdiyimiz bağrı parça-parça edilmiş, hər qarışı minalanmış küçələr....

 

Havası sərin, göy üzü parçalı buludlu....Amma bir sakitlik, əminlik vardı mənim qürurlu şəhərimdə...

 

Çörək muzeyi, Şahbulaq qalası, Cümə məscidi ətrafında çəkilişlər aparırıq. Kamera qarşısında donuram. Toparlanmağa, cümlələri seçməyə çalışıram. Gördüyüm mənzərə ifadələrimi belə unutdurmuşdu... Məscidin minarəsinə baxıb, “Şükür sənə Allah deyirəm”- bizi müşayyət edən polislər də, həmkarlarım da, hətta nümayəndə heyətinin rəsmiləri də təsəlli edir məni...

 

Evimizə istəyirəm... Uşaq kimi ağlaya-ağlaya sarılmaq istəyirəm bağrı dəlik-deşik olan divarlara . İcazə vermirlər... Uzaqdan 28 illik həsrətini çəkdiyim məhəlləmizə baxıb köks ötürürəm. Sən demə taleyimizə bu da yazılıbmış... Bax, seyr et, şükür et, amma yaxın getmə...

 

Şükür edirəm ki, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına çatdığımız mənim işıqlı şəhərimdə ayaqlarımız öz torpağımızdadır...

 

Həyətimizdən atamın məzarı üçün torpaq götürmək arzum yenə ürəyimdə qalır... Axı yenə sevincimi tam yaşaya bilmədim. Mən darıxdığım doğma yurduma belə sarılmayacaqdım deyirəm... Havasını ciyərlərimə çəkib şükür edirəm.... Bir gözüm gülür...Digəri isə...

 

Nə deyim, ayrılanda necə sağollaşım sənlə mənim viran şəhərim?  Bilirəm, illər sonra sən əvvəlkindən də gözəl olacaqsan, yenə ucalacaqsan, yenə dirçələcəksən. Yenə dəli-dolu ağdamlıları bir yerə toplayacaqsan. Küskünlüyün keçəcək... Yenə sığınacağıq sənə, yenə ovudacaqsan bizi... Bəlkə onda sənsiz ölən ağdamlıların da ruhu şad olacaq... Atam kimi....

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR