Bank Of Baku

Azərbaycan şirkətləri Moskvada keçirilən beynəlxalq sərgini boykot ediblər

Azərbaycan şirkətləri Moskvada keçirilən beynəlxalq sərgini boykot ediblər
# 10 fevral 2010 21:52 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Azərbaycan şirkətləri Moskvada keçirilən “ProdEkspo-2010” beynəlxalq sərgisinin ilk gününü boykot ediblər. APA-nın Moskva müxbirinin məlumatına görə, məqsəd ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinin məhsullarını sərgidə özlərininki kimi təqdim etməsinə etiraz bildirməkdir.

Qeyd edək ki, “Artsax investisiya fondu” adlı şirkət Stepanakert Konyak Zavodu ilə birlikdə fevralın 8-dən 12-dən keçiriləcək sərgidə müxtəlif məhsullar, o cümlədən alkoqollu və alkoqolsuz içkilər nümayiş etdirir. “Artsaxfrut” şirkəti sərgiyə gələnlərə çoxlu sayda Azərbaycan məhsulunu, meyvə şirələrini, cemləri, mürəbbələri, tut və digər doşabları, narşərab, müxtəlif turşular və s. təqdim edir.

Bundan əlavə, Stepanakert Konyak Zavodu sərgidə şüşələrinin üzərində Şuşa və digər işğal olunmuş Azərbaycan şəhərlərinin mənzərəsi olan şərab, araq, konyak içkiləri ilə iştirak edir.

Sərginin kataloqunda bu stend Ermənistan stendi kimi təqdim olunub.

Sərginin yeyinti sənayesi bölməsinin nümayəndəsi Qalina Malkova Ermənistan ərazisində olmayan qurumun onun adından iştirak etməsinə izahat gətirməkdə çətinlik çəkib.

Buna etiraz olaraq Azərbaycan şirkətləri mütəşəkkil şəkildə fevralın 8-də sərginin ilk gününü boykot ediblər. Azərbaycan kompaniyalarının stendləri nümayişkaranə şəkildə boş saxlanılıb, ekspozisiya təqdim olunmayıb.

“Ulduz” Qənnadı Fabrikinin direktoru Vüsal Şərifov bildirib ki, Azərbaycan şirkətləri baş verənlərə mütəşəkkil qaydada yazılı və şifahi qaydada qəti etirazlarını bildirib.

Qeyd edək ki, sərgidə dünyanın 57 ölkəsindən 1800 şirkət iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR