Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda II Balıqçılıq Konfransı keçirilir

Azərbaycanın Zaqatala rayonunda II Balıqçılıq Konfransı keçirilir
# 06 oktyabr 2010 07:33 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycanın Zaqatala rayonunda II Balıqçılıq Konfransı işə başlayıb.

Bu barədə “APA-Economics”ə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı ofisindən məlumat verilib.

USAİD-in Bakı ofisinin İqtisadi İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən konfransın məqsədi Azərbaycanın balıqçılıq sektorunun inkişafına yardım etməkdir.

Üç gün davam edəcək konfrans çərçivəsində Azərbaycanın balıqçılıq fermerləri inkişaf etmiş ölkələrdən gəlmiş balıqçılıq mütəxəssislərindən öyrənmək və onlarla təcrübə mübadiləsində iştirak etmək, eləcə də bütün Azərbaycandakı həmkarları ilə faydalı biznes əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Azərbaycanın balıq təsərrüfatı sahibləri konfransda həmçinin balıq yetişdirilməsi, təsərrüfatın idarə edilməsi, yemləmə və liçinka yetişdirilməsi sahələrində müasir təcrübələrin nümayiş etdirilməsi yolu ilə ən son inkişaf meylləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Beynəlxalq və yerli ekspertlər həmçinin iştirakçılara bu sektorda inkişafı, satışların artmasını və iş yerlərinin açılmasını stimullaşdırmağa kömək edəcək yeni, innovativ balıqçılıq məhsulları və xidmətlərini təqdim edəcəklər.

“USAİD Azərbaycanda balıqçılıq sektorunun inkişafına nail olmaq məqsədilə yerli balıq fermerləri üçün Balıqçılıq Konfransını bir daha keçirməkdən məmnunluq duyur. Biz yerli balıq fermerlərinin rəqabətcil bazar mühitində uğurlu olmalarını görmək istəyirik” - deyə USAİD-in İqtisadi İnkişaf üzrə Direktoru xanım Şila Yanq bildirib.

Konfrans iştirakçıları oktyabrın 7-də Zaqataladakı karp inkubatoruna səfər edəcək, oktyabrın 8-də isə Şəkidə balıq yemi dəyirmanının açılışında iştirak edəcəklər. Bu işlər də USAİD-in dəstəyi ilə həyata keçirilib .

USAİD 2010-cu ilin dekabrında başa çatacaq Özəl Sektorun Rəqabətliliyinin Gücləndirilməsi Proqramı çərçivəsində balıqçılıq sektoruna dəstək göstərir. Bu layihənin məqsədi Azərbaycan iqtisadiyyatının seçilmiş qeyri-neft və qeyri-qaz sektorlarının rəqabətliliyini artırmaqdan ibarətdir. Hədəf götürülmüş sektorlar informasiya texnologiyası, balıqçılıq, maliyyə, südçülük, quşçuluq və meyvə-tərəvəzçilik sektorlarıdır. USAİD yenicə başlamaqda olan Azərbaycan Rəqabətlilik və Ticarət (ART) layihəsi vasitəsilə balıqçılıq sektorunu dəstəkləməyə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR