Bank Of Baku

Azərbaycanda «Kənd təsərrüfatı kooperasiyası haqqında» yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda «Kənd təsərrüfatı kooperasiyası haqqında» yeni qanun layihəsi hazırlanıb
# 14 dekabr 2010 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsinin 2010-cu il parlament seçkilərindən sonra ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda «Təhsil haqqında» qanunun tətbiqi ilə əlaqədar «Taxıl haqqında», «Fitosanitar nəzarəti haqqında», «Damazlıq heyvandarlıq haqqında» və «Arıçılıq haqqında» qanunlara ediləcək redaktə xarakterli əlavə və dəyişikliklər müzakirə edilib. Həmçinin, «Kənd təsərrüfatı kooperasiyası haqqında» yeni qanun layihəsinə dair birinci oxunuş üçün fikir mübadiləsi aparılıb.

Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun layihəsinin hazırlanması prosesində əlaqədar qurumlar iştirak edib və artıq layihənin ictimai müzakirəsi aparılıb. Qanunun qəbulunun aqrar sahənin inkişafına təkan verəcəyini deyən E.İbrahimov bildirib ki, bu, kənd təsərrüfatı məhsullarının istehsal həcmini artıracaq, məhsulun qiymət artımının isə qarşısını alacaq.

Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov 8 fəsil, 47 maddədən ibarət layihə barədə məlumat verərək deyib ki, bu qanun kənd təsərrüfatı kooperasiyası sistemini təşkil edən kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati, iqtisadi əsaslarını müəyyənləşdirəcək. Qanun kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək. Hazırda bir çox ölkələrdə belə bir qanun qüvvədədir və hökumət bu sahəyə xüsusi diqqət yetirir.

Müzakirələrdən sonra gündəlikdəki hər iki məsələ parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR