Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri FAO-nun sessiyasında iştirak edir

Azərbaycanın kənd təsərrüfatı naziri FAO-nun sessiyasında iştirak edir
# 28 iyun 2011 13:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatına (FAO) ölkədəki bəzi təşəbbüslərə dəstək verməyi təklif edib. Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu təklif İtaliya paytaxtı Romada keçirilən FAO-nun sessiyasında səsləndirilib.

Qeyd edək ki, kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti iyunun 25-dən iyulun 2-dək FAO-nun Baş Qərargahında keçirilən FAO konfransının 37-ci sessiyasında iştirak etmək üçün Roma şəhərində rəsmi səfərdədir. Nazirlikdən verilən məlumata görə, tədbirdə 2012-2015-ci illər üzrə FAO-nun baş direktoru vəzifəsinə və digər orqanlarına seçkilərin keçirilməsi, həmçinin, Avropa Regional Konfransının 28-ci sessiyasının Azərbaycanda keçirilməsinin müzakirəsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən İ. Abasov Azərbaycanda həyata keçirilən aqrar islahatlardan, dövlətin aqrar sahəyə göstərdiyi diqqət, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib. FAO-nun Azərbaycanın aqrar sektoruna dəstəyi barədə danışan nazir qeyd edib ki, 16 il ərzində - Azərbaycan FAO-ya üzv qəbul olunandan həyata keçirilən layihələr fermerlərin maariflənməsinə, öz işlərinin təkmilləşdirilməsinə kömək edib. Nazir FAO və beynəlxalq təşkilatların Azərbaycanda bəzi problemlərin həllinə dəstək verməsini istəyib. Buraya şoran və dəmyə torpaqların məhsuldarlığının artırılması üçün müvafiq tədbirlərin görülməsi, istiliyə və quraqlığa davamlı yeni sortların yaradılması və geniş tətbiqi, Azərbaycan Dövlət Aqrar Universitetinin bazasında təlim və tədqiqat mərkəzinin yaradılması məsələləri daxildir.

İ. Abasov 2012-ci ildə FAO-nun Bakıda keçiriləcək Avropa üzrə 28-ci regional konfransına Avropa və Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı nazirlərini, FAO katibliyinin üzvlərini, BMT-nin beynəlxalq təşkilatlarının rəhbərlərini də dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR