Bank Of Baku

Ekspert: Azərbaycanda ilin sonunadək ərzağın bahalaşması gözlənilmir

Ekspert: Azərbaycanda ilin sonunadək ərzağın bahalaşması gözlənilmir
# 05 avqust 2011 12:46 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Azersun Holding»in müşaviri Savaş Gürpinar bildirib.

Müşavirin sözlərinə görə, neftin qiymətinin artması bütün malları bahalaşdırır: «Neftin qiyməti necə dəyişirsə, bütün xammal növləri də ona uyğun bahalaşır və ya ucuzlaşır. Nəticədə, 2009-cu ildən indiyədək dünyada bütün xammal qiymətlərində 100%-ə qədər artım müşahidə olunub. Məsələn, böhrandan indiyədək qarğıdalı 350%, şəkər 3 dəfə bahalaşıb».

Holdinq rəsmisi əlavə edib ki, 2011-ci ilin əvvəlindən indiyədək qarğıdalının qiyməti 35%, şəkər 64% bahalaşıb. Şirkətin aldığı şəkər xammalının qiyməti 25-30%, son məhsulun qiyməti 5% bahalaşıb: «Səbəbi şirkətin bazarı diqqətlə izləməsidir – qiymətlər aşağı olanda daha çox mal aldıq ki, orta qiymət artımı da böyük olmadı».

Bundan başqa, dünya bazarında günəbaxan yağının 1 tonunun qiyməti 850 dollardan 1350 dollara, yəni 58% artıb. Nəticədə, «Azersun»un istehsal etdiyi duru yağların qiyməti 8-13% artıb.

Amma müşavir son vaxtlar dünya bazarında vəziyyətin dəyişdiyini bildirir. Onun sözlərinə görə, bəzi ölkələrdəki iqtisadi çətinliklər qarşıdakı bir neçə ay ərzində dünyada iqtisadi fəallığın və məhsullara tələbatın aşağı düşməsinə səbəb olacaq: «Dünya istehlakının təqribən 75%-i hazırda böyük iqtisadi problemləri olan Avropa İttifaqı, ABŞ və zəlzələ nəticəsində iqtisadiyyatı zəifləmiş Yaponiyanın payına düşür.

S.Gürpinarın fikrincə, bu ölkələrdə istehlakın azalması dünyada bəzi mallara tələbatı və onların qiymətlərini aşağı sala bilər: «Ən azı bundan sonra dünya bazarında xammalın ciddi qiymət artımı gözlənilmir. Gözləntimiz neft başda olmaqla, bütün xammal qiymətlərində nisbi ucuzlaşmanın olması ilə bağlıdır».

Ekspert hesab edir ki, dünya bazarında baş verənlər Azərbaycana da təsir göstərəcək. Belə ki, ilin sonunadək ölkədə ərzağın qiymətinin bahalaşacağı gözlənilmir: «Vəziyyət belə davam edərsə, düşünürəm ki, ərzağın qiymətində artım baş verməyəcək, o cümlədən bizim şirkətin qiymət artımı ilə bağlı planları yoxdur».

Xatırladaq ki, Azərbaycanda 1991-ci ildə fəaliyyətə başlayan «Azersun Holding» Şirkətlər Qrupu ölkənin ən iri qeyri-neft müəssisəsi sayılır. Holdinq qida sənayesi, kənd təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərən 20-dən artıq müəssisəni birləşdirir. Holdinqin dünyanın müxtəlif ölkələrdə (Rusiya, Türkiyə, BƏƏ, İsveçrə, Şri-Lanka və s.) nümayəndəlikləri və ofisləri, həmçinin 5 mindən artıq işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR