Bank Of Baku

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
# 20 sentyabr 2011 15:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda parlamentin payız sessiyasında baxılacaq məsələlər müzakirə olunub.

Komitə sədri Eldar İbrahimov bildirib ki, 2011-ci il yaz və növbədənkənar sessiyaları ərzində “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi birinci oxunuşdan keçib, habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Avropa Landşaft Konvensiyası”nın təsdiq edilməsi haqqında sənədlər qəbul edilib. Komitənin 2011-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verən E.İbrahimov bildirib ki, bu sessiyada “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihələrinin qəbulu gözlənilir.

İclasda həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədə baxılıb. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov bildirib ki, dəyişikliyə əsasən qanunun 7.2-ci maddəsinin “Ümumi istifadədə olan küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz” formada verilməsi təklif olunur.

Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclasına təqdim edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR