Bank Of Baku

Azərbaycanda son 5 ildə fermerlərə əkinçilik üçün 360 mln. manat ayrılıb

Azərbaycanda son 5 ildə fermerlərə əkinçilik üçün 360 mln. manat ayrılıb
# 25 oktyabr 2011 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda 2007-ci ildən indiyədək istehsalçılara hər hektar əkin sahəsi və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə hər hektar buğda və çəltik səpininə görə 360,3 mln. manat vəsait ayrılıb.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

İ.Abasovun sözlərinə görə, həmin dövrdən indiyədək toxumçuluq və tinglik təsərrüfatlarından satılan I və II reproduksiyalı toxumlara və tinglərə görə 2007-2010-cu illər ərzində dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 15,1 mln. manatdan çox subsidiya verilib.

Bununla yanaşı, 2007-ci ildən hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan 294,7 min ton gübrənin dəyərinin orta hesabla 50% və ya 70%-nin güzəştlə satılmasına görə həmin təşkilatlara 49 mln. manatdan çox vəsait ödənilib. Bu tədbirlərin nəticəsi olaraq kənd təsərrüfatında 2008-ci ildə 1,77 min ton kartof, 1,228 min ton tərəvəz toplanıb, 2009-cu ildə taxıl istehsalı 2,988 mln. tondan çox, o cümlədən buğda istehsalı 2,141 mln. tona çatdırılıb, 2010-cu ildə 433,6 min ton bostan məhsulları, 729,5 min ton meyvə və 129,5 min ton üzüm istehsal olunub.

Nazir bildirib ki, 2000-ci ilə nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3 dəfə, kartof 2 dəfə, tərəvəz 1,5 dəfə, bostan məhsulları 1,7 dəfə, meyvə 1,5 dəfə, üzüm 1,7 dəfə, şəkər çuğunduru 5,4 dəfə, ət 2,3 dəfə, süd 1,5 dəfə, qaramalın baş sayı 1,3 dəfə, davarların baş sayı isə 1,4 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR