Bank Of Baku

Azərbaycan Berlindən keçiriləcək «Beynəlxalq Yaşıl Həftə - 2012» sərgisində iştirak edəcək

Azərbaycan Berlindən keçiriləcək «Beynəlxalq Yaşıl Həftə - 2012» sərgisində iştirak edəcək
# 14 yanvar 2012 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 20-29-da Berlində (Almaniya) qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi «Beynəlxalq Yaşıl Həftə - 2012» («International Green Week 2012») sərgisi keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Avropanın ən iri sərgisi hesab olunan «Beynəlxalq Yaşıl Həftə» 1926-cı ildən etibarən keçirilir. Hər il dünyanın 50-dən artıq ölkəsindən 1 500-dən çox müəssisənin iştirak etdiyi sərgi 500 mindən artıq insan tərəfindən ziyarət olunur. Ümumi sahəsi 160 min kvadrat metr olan «Beynəlxalq Yaşıl Həftə» sərgisinə hər il 70 ölkədən 5 mindən çox media nümayəndəsi də qatılır.

Bu il Azərbaycanın 5-ci dəfə iştirak edəcəyi sərgidə Azərbaycanı 20-dən çox şirkət təmsil edəcək.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkədə istehsal olunan 300 çeşiddən çox müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcək. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar və disklər paylanacaq.

«Beynəlxalq Yaşıl Həftə - 2012» sərgisi çərçivəsində müxtəlif təqdimatların da keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən alman və Azərbaycan iş adamlarının iştirakı ilə Azərbaycanın biznes və investisiya imkanlarına dair ölkə təqdimatı da keçiriləcək, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR