“Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın enerji siyasətinin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərindən kənara çıxdığını, çünki bunun ölkələr arasında yeni əlaqələr yaradaraq qarşılıqlı etimad səviyyəsini artırmağa kömək etdiyini bildirmişdi. Dövlət başçısının bu müdrik kəlamları və uzaqgörən ideyaları bu gün Avropa İttifaqı üçün yeni ümidə çevrilib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
A. Badamov deyib ki, Cənub Qaz Dəhlizinin tikintisi aparılan zamanı Avropa İttifaqı bu marşrutun gələcək əhəmiyyətini o qədər də yaxşı dərk etmirdi: “İndi Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə Rusiyaya sanksiyaların tətbiqi aktuallaşanda və qaz təchizatının bir mənbədən asılı olmasının yaradacağı fəsadlar gündəmə gələndə təklif etdiyimiz yeni layihənin dəyəri və əhəmiyyətinin sonsuz olduğunu hamı dərk etməyə başlayıb. Keçən ilin statistikasına baxsaq, Azərbaycan Avropaya 10 milyard kubmetr civarında qaz ixrac edib. Amma bu həcimi qısa bir zaman kəsiyində iki dəfədən çox artıra biləcəyik. Həm də gələcəkdə nəql xətlərini genişləndirməklə ixrac həcmini daha da artırmaq imkanları mövcuddur. Onu da qeyd edim ki, bu gün bir çox ölkələr idxal mənbəyi olmadan Rusiya qazından imtina etməyini düşünür. Həm də qeyd etməliyəm ki, Avropa İttifaqı karbon emissiyalarını azaltmaq məqsədilə kömürdən istifadəni də dayandırmağı planlaşdırmışdı. Ona görə də Avropa üçün ən əhəmiyyətli emissiyasız enerji mənbəyi Azərbaycan olacaq. Avropanın siyasətçiləri və iqtisadçıları da Azərbaycanın Avropa üçün həyatı əhəmiyyətini dəyərləndirməyə başlayıb”.
Deputat qeyd edib ki, Azərbaycan təkcə qaz və neft ixracı ilə kifayətlənmir, həm də bərpa olunan enerjinin də ixracını planlaşdırır: “Ona görə də ölkəmizdə günəş, külək və su elektrik stansiyalarının şəbəkəsi genişləndirilir. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycanda istehsal olunacaq elektrik enerji Avropaya qədər gedib çıxacaq. Çünki Azərbaycan enerji resurslarının ixracından siyasi məqsədlər üçün istifadə etmir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin etməkdə əsas məqsədi regionda sülh və sabitliyin uzun müddətli təmini və qarşılıqlı iqtisadi gəlirlər əldə etməkdir. Bizim dünya ölkələri ilə əməkdaşlıqda baxışlarımız bəllidir və düzgündür. Ona görə də Avropa İttifaqının enerji resursları ilə təminat məsələsində Azərbaycana ümidləri və etimadı günü-gündən artacaq”.