Azərbaycanla Tacikistan arasında aqrar sahədə əməkdaşlığı daha da genişləndirmək üçün birgə işçi qrupu yaradılacaq.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tərəflər arasında bu barədə razılıq Düşənbədə keçirilən Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın 5-ci iclası çərçivəsində əldə olunub.
İclas içştirakçıları Azərbaycan və Tacikistanın ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı daha da genişləndirməyi qərara alıblar.
İclasın yekununda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın 5-ci iclasının protokolu imzalanıb. Protokola əsasən komissiyanın növbəti iclası Bakıda keçiriləcək. İclasın tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.