Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud risklərə qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar Azərbaycanın Alimentarius Kodeksi Komissiyasında tam iştirakını təmin edilməsi istiqamətində birgə işlər görülür.
"APA-Economics" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak ölkədə özəl baytarlıq sisteminə keçidə start verilməsinə həsr olunan konfransda çıxışı edərkən deyib.
Onun sözlərinə görə, bununla yanaşı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və FAO tərəfindən həyata keçirilən Aqrar Məsləhətlər Xidmətinin gücləndirilməsi layihəsinə xüsusi diqqət ayrılır və bu layihə çərçivəsində yaxın illərdə Azərbaycanda Avropa ölkələrinin modeli əsasına dayanıqlı informasiya və məsləhət sisteminin qurulması, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya məsləhət xidməti üzrə uzunmüddətli strategiya və fəaliyyət planının hazırlanması müzakirə edilir.
"Aqrar Məsələlər Xidmətinin modelinin yaradılması gələcəkdə baytarlığın bu xidmətdən faydalanmasına şərait yaradacaq", - deyə M. Çakmak qeyd edib.
Xatırladaq ki, Alimentarius Kodeksi FAO/ÜST-ün Qida Standartları və Qaydaları Məcəlləsinin Tətbiqi üzrə Beynəlxalq Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq qida standartları toplusudur.